Qadın ofisiantın iki sevgilisi

Qadın ofisiantın iki sevgilisi
30 iyul 2014
# 11:26

Kulis. az “Baxılası 50 film” layihəsində müasir dünya kinosunun nüfuzlu rejissorlarından biri, “intellektual komediya” janrının yaradıcısı Vudi Allenin “Qahirənin al qızılgülü” filmini təqdim edir.

Aktyor, komik, rejissor, yazıçı, müasir kinonun ustalarından sayılan Vudi Allen 1935-ci ildə Nyu- Yorkda yəhudi ailəsinə doğulub. Onun anası müsahib, atası isə zərgər idi.

Saçlarının rənginə görə Alleni məktəbdə “Kürən” adlandırırdılar. Filmlərində adətən özünü fiziki cəhətdən zəif göstərən Allen məktəbdə əla beysbol və basketbol oynayırdı.

Pul qazanmaq üçün o, qəzetlərə yumoristik əhvalatlar yazırdı.

Məktəbi bitirdikdən sonra o, Nyu-York universitetinə qəbul olunur, burada kommunikasiya və kinematoqrafiyanı öyrənir. Amma universitetdə çalışqan olmadığına görə tezliklə qovulur.

Bu müddətdə Allen ədəbiyyatda, kinoda və səhnədə aktiv fəaliyyətə başladı.

O, yumorist Herbert Şrayner, həmçinin, məşhur TV şouları üçün ssenarilər yazır.

Allen komik kimi tezliklə uğur qazanır, tez-tez TV və gecə klublarında çıxış edir, paralel olaraq hekayələr yazır.

Onun ilk filmi “Məstan, yeni nə var” (1965) ekssentrik komediyasında erotik zarafatlar, parodiya elementləri ilə bol idi.

Dörd Oskar alan “Enni Holl” (1977) müasir romantik komediyada standartları müəyyən elədi. Sevgi əhvalatı üzərində qurulan filmdə Allenin qəhrəmanı yəhudi nevrotikdir, hər yerdə antisemit söhbətlər eşidir və 15 il psixoanalitikə gedir.

Beş nominasiyada Oskara irəli sürülən, üç bacıdan danışan “İnteryerlər” (1978) İnqmar Berqmanın “Pıçıltılar və çığırtılar” filminin variasiyasıdır.

“Ulduz tozu haqda xatirələr” (1980) Federiko Fellininin “8 yarım” filminə parodiyadır. Allenin personajı komediya filmlərindən bezərək ciddi ekran əsərləri çəkmək istəyən rejissordur.

Çoxsaylı mükafatlara layiq görülən “Hanna və bacıları” (1986) komedyası da digər filmlərdə olduğu kimi ziyalı təbəqəsinin həyatını anladır.

Rejissorun Oskara nominant olan növbəti “Manhetten” (1979) filmində qəhrəmanlar öz hisslərini aydınlaşdıra bilmir, daim problemlər yaşayırlar.

“Manhettendə müəmmalı qətl” (1993) komediyasında süjetin detektiv olmasına baxmayaraq, əsas məsələ yenə də qadın-kişi münasibətləridir.

Yaradıcılığının əvvəlində absurd komediya ənənəsində işləyən Allenin 70-ci illərdəki filmlərində İnqmar Berqmanın təsiri hiss olunur. Onun “Sentyabr” filmi “Payız sonatası”nın remeykidir. “Başqa qadın”da isə “Persona”nın elementlərdən istifadə edir.

1990-cı illərdə lentə aldığı filmlərdə eksperimentlərə üstünlük verir, Çarli Çaplinə, Orson Uellsə, Fritz Langa (“Elis”, “Kölgə və dumanlar”) göndərişlər edir.

Allen eyni zamanda “Matç poynt”, “Kassandranın arzusu” kimi ciddi psixoloji dramlar da çəkib.

2000-ci illərdən sonra Allen Avropada (“Vika”, Kristina, Barselona”, “Parisdə gecəyarı”, “Romaya sevgilərlə”) çəkməyə başlayır.

Allen filmlərdə qüsurlarını uğuruna çevirir, intellektual və nevrostenik obraz yaradır.

O, bir qayda olaraq ssenariləri də özü yazır. Onun intellektual komediyalarına dərin psixologizm xasdır. Allen filmlərində ölkədə baş verənlərə eyhamlar vurur, ədəbiyyat, musiqi və kino bilgilərindən istifadə edir.

Qəhrəmanları isə orta təbəqə – alimlər, yazıçılardır.

1978-ci ildə Allen “Kuqelmasın başına gələnlər” hekayəsinə görə O.Henri ədəbi mükafatını alıb.

1995-ci ildə Venesiya kinofestivalında Allen kino sənətinə verdiyi töhfələrə görə “Qizil Şir” alıb.

Həmin il rejissor çox nadir halda verilən, kinematoqrafiyadakı töhfələrinə görə “Palma budaqlarının palma budağı” mükafatını alıb. Bu mükafat ondan başqa 1997-ci ildə yalnız İnqmar Berqmana verilib.

2005-ci ildə peşəkarların səsverməsinə görə, Allen Piter Kuk Con Klizdən sonra bütün dövrlərin ən yaxşı komiki seçilib.

2007-ci ildə Pompeu Fabra adına Bareslona Universitetinin fəxri fəlsəfə doktoru seçilib.

Sizə Kannda mükafat almış “Qahirənin al qızılgülü” melodramını təqdim edirik.

Süjet: Filmdəki hadisələr 1930-cu, Böyük Depressiya illərinə təsadüf edir. Ucuz yeməkxanada ofisiant işləyən Sesiliya əri Monkla uğursuz nikahından əzab çəkir. Amansız reallıqdan qaçmaq üçün o, kinoya qapılır.

Kinoteatrda “Qahirənin al qızılgülü” filmini dəfələrlə izləyir. Və günlərin birində filmin qəhrəmanı Tom Bakster ağ-qara ekrandan enib real həyata onun yanına gəlir. Uydurulmuş qəhrəman sərt gerçəkliklə, sonra qadının əri ilə üz-üzə gəlir...

Allen deyir: “Ssenarinin yarısına çatanda ardını necə yazacağımı bilmirdim. Yarımçıq saxlayıb tamam başqa ideyalar haqda düşünməyə başladım. Çox sonra qəflətən ayıldım. Əsl aktyor şəhərə gəlir və qadın ekran qəhrəmanı ilə real qəhrəman arasında seçim eləməlidir. O, əsl aktyoru seçir. Aktyor isə qadını tərk edir. Məhz onda ideya filmə çevrildi”.

“Qahirənin al qızılgülü” Allen sevimli filmlərindən sayır.

“New York Times” qəzetinin kino yazarı Vinsent Kenbi komediyanı “füsunkarlıq” və “84 dəqiqəlik” xoşbəxtlik adlandırıb.

Film içində film olan “Qahirənin al qızılgülü” xəyal və reallıq arasındakı sərhədi çözür. Filmdə kinonun Fellinin “Ağ şeyx” və Baster Kitonun “Kiçik Şerlok” filmlərinin təsiri hiss olunur. Rejissor “dördüncü divar”ı dağıtma fəndindən (Teatrda və kinoda istifadə edilən “dördüncü divar” aktyorla tamaşaçı arasında xəyali divar deməkdir. Deni Didro tərəfindən sənətə gətirilən bu termin sonradan tamaşaçı ilə xəyali dünya arasındakı sərhəd anlamını verməyə başladı. Aktyorun səhnədən və ya ekrandan tamaşaçıya bilavasitə müraciət etməsi “dördüncü divarı” sındırmaq adlanır. Bu fənd komediya və cizgi filmlərində, eksperimental pyeslərdə geniş yayılıb) istifadə edir.

Allen xüsusi effektlərdən imtina edib. Real və uydurulmuş dünya arasında təsvir paradoksal verib. Qadının yaşadığı real dünya rəngli, amma boş, tutqun, tənhadır, ağ-qara dünya isə əyləncəlidir.

Filmin kulminasiyası üç personajın, Sesiliyanın, ərinin və kinodan gələn qəhrəmanın görüşməsidir. Bu sürrealist qarşıdurma filmin əsas ideyasını açır. Reallıqdan qaçmaq davamlı ola və xoşbəxtlik gətirə bilməz.

Kann festivalının mükafatını alan ekran əsərini “Time” jurnalı bütün dövrlərin 100 ən yaxşı filmindən biri elan edib. Allen “Matç poynt” “Ulduz tozu haqda xatirələr”lə yanaşı bunu da ən yaxşı filmi hesab edir.

40-dan çox filmin müəllifi və ateist olan Allen deyir: “Məncə, müasir kinoda mənim təsirimlə çəkən rejissor yoxdur. Hər yerdə Frensis Ford Koppolanın, Martin Skorsezenin, Oliver Stounun təsirinə uğramış gənclik görürəm”.

Filmə burdan baxa bilərsiz.

# 2681 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #