Yuxarı

Qazi: “Patronun dənəsini Bakıdan 1, Ağdamdan 5 manata alırdıq”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəmizin budəfəki qonağı Firudin Əfqan oğlu Məmmədov 1970-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub, orada böyüyüb, boya-başa çatıb. Sovet Ordusu sıralarında xidmət edib. Birinci Qarabağ müharibəsi veteranıdır. İki gözündən də yaralanıb. Birinci qrup Qarabağ əlilidir. Hal-hazırda Vətən müharibəsi Əlilləri İctimai Birliyinin sədridir.

Ağır döyüş yolu keçmiş veteranla görüşdük. Ənənəvi olaraq ilk sualım onun cəbhəyə yola düşdüyü ilk günlə bağlı oldu:

Ermənilər tez-tez hücumlar təşkil edirdi

- Firudin bəy, siz döyüşə nə vaxt getdiniz? İlk döyüşünüz hansı istiqamətdə oldu?

- 1988-ci il fevralın 2-də Ağdamdan Əsgəran istiqamətində dinc yürüş oldu. Mane olmasaydılar, bəlkə də həmən gün Qarabağ məsələsi həll olunardı. O, yürüşdə iştirak edənlərin yadına gələr. Azərbaycan milisi o zaman bizim yürüşü saxlamasaydı, indi nə savaş olardı, nə də işğal altında olan torpaqlar. Mən həmin yürüşdə ön sırada olanlardan idim. Həmən yürüşdə Qarabağ ilk şəhidlərini verdi. Əli və Bəxtiyar şəhid oldu. Onlardan biri mənimlə çiyin-çiyinə gedirdi. Onu vuran adam isə o dövrdə Ağdamın polis rəisi idi. Adı Eldar idi. 100 min nəfərlik bir yürüş idi. Biz artıq Əsgərana çatmışdıq. Sıramızda Mingəçevirdən, Ağcabədidən, Yevlaxdan minlərlə insan vardı. Bu ilk yürüşdən sonra mən Sovet Ordusu sıralarında xidmət etdim. Bu arada Sovet Ordusu artıq erməniləri silahlandırmışdı. Ermənilər tez-tez hücumlar təşkil edirdi. Onlar özlərinə nizami ordu qururdular. Azərbaycan tərəfdən isə sadəcə Azərbaycan Xalq Cəbhəsi fəalları, könüllülər müqavimət göstərir, pərakəndə olsa da, torpaqları qoruyurdu. AXC-nin Ağdam rayon təşkilatının sədri, demokratik blokun üzvü Eldar Bağırov bir gün bizi Ağdamın Seyidli kəndinin klubuna topladı. Cəbhənin Seyidli kəndində də dayaq dəstəsi vardı və bu dayaq dəstəsi ətrafına ən aktiv gəncləri, vətəndaşları toplamışdı. Eldar bəy bizi bir mayorla tanış etdi, dedi ki, bu gördüyünüz insan Şirin Mirzəyevdir. Gəlib ki, Azərbaycanın könüllülərdən ibarət ordusunu yaratsın.

80 adam batalyona yazıldı. Bunlardan 25 nəfəri daha çox təcrübəli olanlar idi. Məndə bu siyahıda idim. Ancaq tələbə olduğum üçün mənim gözləməyimi lazım bildilər. "Lazım olsa, çağıracağıq", - dedilər. Sərhədyanı kəndlərin hamısından könüllülər toplanırdı. Artıq müharibə başlamışdı. Mən ilk olaraq Şirin Mirzəyevin 1991-ci ildə yaratdığı Ağdamın birinci könüllülərdən ibarət müdafiə batalyonunda oldum. Artıq ordu qismən formalaşırdı. Ağdamdakı 50 nömrəli peşə məktəbində yerləşmişdik. Bizə təlimlər keçirdilər. Ordu çox ağır şərtlərdə qurulurdu.

500 əsgərə cəmi 25 avtomatımız vardı

- Bəy, siz orduya vuruşmağa gedəndə 21 yaşınız olub. Gənc idiniz. Ən ağır döyüşləri harada keçirdiz?

- Gənclərin iki cür xarakteri olur: ya vətənpərvər, ya da qorxaq. İnanın, bizim vaxtımızda bütün gənclər uşaqlıqdan necə çılğın idilərsə, orduda da elə idilər. Bütün cəngavər gənclərimiz döyüşdə idilər. Düzdür, "oblava"ya düşüb gələnlər də vardı, çağırışla gələnlər də. Lakin demək olar ki, bizim batalyonda hamı könüllülər idi. İlk döyüşüm batalyonumuzun dekabr ayının 29-da Fərrux kəndi üzərinə hücumu ilə başladı. Həmin gün güclü qar yağmışdı. Silahımız az idi. 500 əsgərə cəmi 25 avtomatımız vardı. Patronun birini Bakıdan 1 manata alırdıq. Amma Ağdamda bir patron 5 manata idi. Həmən döyüşdə yaşca ən kiçik mən idim. Silahı isə daha təcrübəlilərə verirdilər. Biz arxada gözləyirdik, əgər öndə olanlardan ölən olsa, biz onların silahı ilə döyüşəcəkdik. Ermənilər Fərrux yüksəkliyindən bizi nəzarətdə saxlayırdı. O yüksəklik mütləq alınmalı idi ki, irəliləyə bilək. Fevral ayının 2–də yenidən hücuma keçdik. OMON-çularımızın və iki BTR-in köməyi ilə erməniləri həmin yerdən qova bildik. Eyni zamanda bir erməni kəndini də aldıq. Düşmən xeyli itki verdi. Bizim tərəfdən itki az idi. Düşmən yenidən ora qayıtmasın deyə, kəndin bütün evlərini partlatdıq. Bir müddət sonra ermənilər həmin kəndi böyük qüvvə ilə geri ala bildilər. Şəhidlər verdik. Fərrux yüksəkliyindəki döyüşlərdə on iki dəfə iştirak etmişəm. Deyim ki, ən qanlı döyüşlər burda gedirdi. Bundan sonra dəhşətli döyüşlər Xocalıda oldu.

Xocalı soyqırımından yeddi gün keçməmiş komandirimiz dedi ki, Xocalının qisasını almalıyıq.

Altmış erməni öldürdük

Ermənilərin yaşadığı, dörd tərəfi dağla əhatələnmiş bir kənd var idi. Həmin kənddə düşmənin bir hərbi hissəsi yerləşirdi. Biz o kəndi yağmalayıb oradan 5 tank götürmüşdük. Sonra Xocalının intiqamını almaq üçün Qazançı kəndinə hücuma keçdik. Düşmən güclü müqavimət göstərdi, biz səkkiz şəhid verdik, əsgərlərimizdən on üçü yaralandı. Amma altmış erməni öldürdük, çoxlu sayda ermənini əsir götürdük. O əsirləri Xocalıdan əsir düşənlərlə dəyişdik. Əzgillik deyilən yer vardı, orda pusqu qurduq. Əlavə olaraq əsirlər götürdük, onları da xocalılarla dəyişdik. Bir dəfə də erməniləri 4 gün mühasirədə saxladıq. Amma bizim tərəfdən hansısa satqınlıq oldu, onlar mühasirədən qurtula bildilər. Arada dövlət məmurları ilə görüşlər olurdu. İradlarımızı bildirirdik, hüquqlarımızın pozulduğunu deyirdik. "Dövlətlə dövlətçilik edəcəksiz?" - deyirdilər. Mən o məmurlarda günah görmürəm, əvvəllər də biz üç tərəfdən qorunurduq; həm sovetə qulluq edən milisimizdən, həm ermənidən, həm də içimizdəki satqınlardan.

Xocalı əsirləri

- Siz götürdüyünüz erməni əsirlərlə necə rəftar edirdiniz?

- Biz əsrlərlə yaxşı rəftar edirdik. Çünki Şirin Mirzəyev bizə onları oldürməməyi tapşırmışdı. Onlar bizə Xocalıdan düşmüş əsirləri dəyişmək üçün lazım idi. Əslində, əsgərdən əsgərə fərq var idi. Əsirə toxunmamalısan - bu bizim dinimizdə də deyilir. Amma içimizdə əclaflıq edənlər də vardı. Məsələn, mən bir erməni əsirlə nərd də oynamışam, onunla insan kimi davranırdım. Biz keçən il Təbrizə dəvət aldıq, ordakı qazilərlə danışdıq. Onlar bizə xatirələrimizi yazmağı xahiş etdilər.

Məğlubiyyətimizin səbəbi çoxdur

- Sizcə Ordudakı xəyanətkarlıq ucbatından biz məğlub duruma düşdük, yoxsa döyüşə bilmirdik?

- Yox, bizim məğlubiyyətimizin səbəbi çoxdur. Amma satqınlıq, xəyanət vardı. Məsələn, Ağdərəni 26 şəhid verərək erməni işğalından azad etmişdik. Qarabağın 51%-ni ermənidən təmizləmişdik. Biz döyüşləri təşkil edirdik, ermənilər də qaçırdılar. Artıq bizə qarşı çıxa bilmir, məğlubiyyətləri ilə razılaşırdılar. Hər hücuma keçəndə elə bilirdik ki, bu hücumdan sonra artıq Qarabağ xilas olacaq, evimizə dönəcəyik. Amma hər dəfə də xəyanət olurdu. Biz mənəvi və fiziki olaraq məhv olurduq. Harasa hücum edəndə, haranısa azad edəndə 200 şəhid versək də, qanımız qaralmırdı. Amma bir kəndimiz erməni tərəfindən alınanda bir şəhid versək belə, bu bizi məhv edirdi. Amma sadaladığım uğurlardan sonra Surət Hüseynov briqadasını döyüş meydanından geri çəkdi. Cəbhənin bir tərəfi boşaldı. Gözləmədiyimiz halda 10 gün ərzində altmışa yaxın kəndi ermənilər geri aldı. Ermənilər düşünürdü ki, sonuncu Ağdərədir, son hücumla buranı da alacaqlar. Ermənistanın müdafiə nazirinə kimi hamısı yığışmışdılar. Əhəmiyyətli döyüş idi. Biz də öz səngərlərimizi qurduq.

Surət xəyanətkarcasına öz əsgərlərini geri çəkdi

Min nəfərlik briqadamız vardı. Hər gün əsgərlərimizə deyirdik ki, bu sonuncu döyüşdür, gedirik bayrağımızı Xankəndinə sancırıq, bununla da hər şey bitir. Amma Surət xəyanətkarcasına öz əsgərlərini geri çəkdi. Gecə saat 4-də deyilən nöqtəyə çatdıq. Bizi Nəcməddin Sadıqov ön cəbhəyə yola saldı. Bu briqada qələbə briqadası idi. Erməninin qabağını saxladıq, sanki divara dirəndilər. Müdafiə nazirləri də ora gəldi, ancaq bizi aşıb keçə bilmədilər. Bunu ilk dəfə deyirəm, mən hər gecə yuxuda hücumumuz zamanı Qarabağı xilas etdiyimizi görürdüm. Bir pulemyotum vardı. Özümə bir səngər düzəltmişdim. Səngərdən bir balaca pəncərə düzəldib pulemyotumun lüləsini çölə çıxartmışdım. 3 min metr məsafəni vura bilirdim. Hər dəfə o pəncərədən düşmən tərəfə baxanda düşünürdüm ki, düşmən məni vursa, ancaq bu pəncərədən gözümdən vura bilər. Orda hərəmiz özümüzə sanki bir qəbir qazıb girmişdik həmin qəbrin içinə. Belə döyüşürdük biz. Səhər döyüş başlayacaqdı, gecə yuxuda gördüm ki, erməni hücuma keçib, mən gözümdən yaralanmışam.

Hər kəs öz "qəbrində" gizlənmişdi

Firudin bəy danışır və döyüşçü yoldaşı Sevil xanımı şahid göstərir:

- Sevil təsdiq edə bilər, biz həmin döyüşdə bir yerdə olmuşuq. (Sevil xanım bu müsahibə alınandan 30 dəqiqə sonra avtomobil qəzasında dünyasını dəyişəcək!!! - Red) Nə isə, səhərə yaxın ermənilər bizi güclü atəşə tutdu. Ağır artilleriyadan yayılım atəşi imkan vermirdi ki, başımızı səngərdən bayıra çıxara bilək. Hər kəs öz "qəbrində" gizlənmişdi. Üstümüzü də torpaqla örtmüşdük, bir metrlik qar hər səhər əriyib bədənimizə dolurdu. Ermənilər demək olar hər gün hücum edirdi, onları qırır, texnikalarını məhv edib, geri qovurduq. Yenidən yüzlərlə əsgərlə, tank və BMP-lərin arxasınca üstümüzə gəlirdilər. Təsəvvür edin, vururuq, texnikalarını məhv edirik, amma durmadan gəlirlər. Dəhşət bürüyüb bizi, gəlib beş yüz metrlikdə dayanıblar. Bizim də bütün silahımız tükənib, qalmışıq. Çox az minamyotumuz qalmışdı. Anidən erməninin bir tanki çıxdı üstümüzə, geriyə qaça bilmədik. Biz tərəf açıqlıq idi. Arxada da əsgərlər qoymuşuq ki, bizdən kimsə qorxub qaçsa, həmən vursunlar. Çünki bir nəfər qaçsa, hamı qoşulub qaçacaqdı. Bu bir psixoloji şeydi... Nə isə hamımız əl qumbaralarını düzmüşük səngərə ki, gəlsələr, son olaraq onu ataq onları da, özümüzü də məhv edək. Yanımda bir dostum qalxdı ki, baxsın düşmənlər nə edir. Qalxmağı ilə elə vurdular ki, başı bədənindən ayrıldı. Bizim də qarşılıq verməyə heç nəyimiz yoxdur. Biz tərəfdə sakitlik yarandı. Düşmənlər fikirləşdi ki, ya biz qaçmışıq, ya da hamımız ölmüşük. Bu tank beş metrliyimizə qədər gəlib dayandı. Tankdan qıp-qırmızı bir erməni çıxdı. Ətrafa baxdı, biz uzanmışdıq deyə, görmədi və gülərək erməni dostlarına: "Gəlin, bunlar qaçıb, - dedi. Bu anda bütün əsgərlərimə əllərindəki son qumbaralarını buna tərəf atmalarını əmr etdim. Hər kəs atdı, amma işə bax, bir qumbara da ona bir şey etmədi. Erməni özünü itirib tez tanka mindi, düz səngərə - üstümüzə sürüb səngərin üstündə iki dəfə tankı fırlatdı, geri dönüb qaçdı. Beş əsgər torpağın altında qaldı. Amma heç biri ölmədi. Düşünün ki, bu tankı vurmağa heç nəyimiz yox idi.

12 saat dayanmadan vuruşduq

Amma İrkutskdan könüllü olaraq gəlib bizimlə vuruşan Saşa adlı rusun əlində tank əleyhinə bir qumbara vardı. Saşa səngərdən çıxdı. İstəyirdi ki tankı çərçivəyə salıb vursun. Amma yağış kimi yağan güllələr buna imkan vermədi. Qəribədi ki, heç o güllələr də Saşaya dəymirdi. Amma bir tank mərmisi onun bir metrliyinə düşdü. Saşa qumbaranı atsa da, tankı vura bilmədi. Bu arada Saşa özünü itirməyib tank mərmisinin qazdığı quyuya atıldı. Tərslikdən də, arxadakı rabitəçimizi vurdular. Qrad atanlarımıza da xəbər verə bilmirdik ki, atsınlar. Amma erməni tankı aradan çıxandan sonra rabitəni ələ keçirib qrad atanlara dəqiq koordinatı verə bildik. Ermənilər qaçdılar. Biz əliyalın da olsaq onları qovduq. Amma həmin döyüşdə 57 nəfərimiz şəhid oldu. Yaralılarımız da çox idi. 57 şəhid verməyimizə baxmayaraq, əsgərlərimiz ruhlanmışdı. Ermənilərin bir tankı döyüş meydanını tərk etməmişdi. Onu özlərindən götürdüyümüz silahla vurduq. Düz 12 saat dayanmadan vuruşmuşduq. Meyitləri, yaralıları döyüş yerindən çıxardıq. Mövqeləri saxladıq.

12 əsgərimiz parça-parça oldu

Yerdə qar olsa da, gün çıxmışdı. Bir neçə əsgərimiz özünü günə verib yorğunluğunu çıxarırdı. İki nəfər isə elə yerdə oturmuşdu ki, düşmən onları görə bilərdi. Onlara yerlərini dəyişməyi tapşırdım. Füzuli adlı bir oğlan vardı. Onunla yanaşı 5 nəfər də əsgər. Bu zaman ermənilər tankla atəş açdı. Mərmi Füzulinin belindən yarıb keçdi. Yaxınlıqdakı 12 nəfər əsgərimiz isə parça-parça oldu.

Mən elə bildim, əlimdə siqaret partladı, dərədən aşağı üzü üstə düşdüm. Gözlərim qaraldı. Nə qədər ovsam da, heç nə görmədim. Məni Hospitala gətirdilər. Həmin döyüşdən sonra gözlərimi itirdim. Ağır yaralı olduğumuz üçün bizi Bakıya gətirdilər. Burada üç ay yatdım. İyulun birində hospitaldan çıxdım. Ağdama getdim. Məni kənd camaatı qarşıladı. İyirmi üç gün sonra isə Ağdam işğal olundu...

Tarix
2014.11.18 / 22:26
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla